2015-ci ildə Bakıda görüşənədək

 

II Dünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı

  

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 31-də başa çatıb.

    Yekun sessiyada çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə fəal iştiraka görə hər kəsə minnətdarlığını bildirib. Qeyd edilib ki, 90 ölkədən 500-dən çox nümayəndənin qatıldığı Forum günlərində ümumilikdə 19 sessiya keçirilib, bütün sessiya və müzakirələr böyük maraq doğurub.

   Böyük Britaniyanın Koventri Universitetinin Mədəniyyətlərarası Dialoq İnstitutunun rəhbəri Mayk Hardi Forumun yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib. Qeyd olunub ki, birinci Forumdan keçən müddət ərzində Azərbaycan tərəfi öhdəsinə götürdüyü bütün vəzifələri uğurla yerinə yetirib. M.Hardinin sözlərinə görə, II Bakı Forumunda Milli Tolerantlıq Mərkəzinin təqdimatı bundan sonra bütün dünyada mədəniyyətlərarası dialoq istiqamətində həyata keçiriləcək işlərə öz töhfəsini verəcək. İnteraktiv müzakirələrdə tarixin öyrənilməsi, Qərb-müsəlman dünyası əməkdaşlığı, turizmin imkanları, şəhərlərin siyasətdə rolu, korporativ sektorun qabiliyyətinin üzə çıxarılması, vətəndaş cəmiyyətinin bu işə qoşulması və digər məsələlərlə bağlı dəyərli təkliflər irəli sürülüb. O, ümidvar olduğunu bildirib ki, bu fikirlər növbəti Foruma qədər olan müddət ərzində tam reallaşacaq.

   BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və əməkdaşlıq üzrə direktoru Jan Kristof Bas, UNESCO-nun baş direktorunun müavini Katerina Stenou, Dünya Turizm Təşkilatının Yaxın və Orta Şərq üzrə regional direktoru Əmir Əbdül Qafar və başqaları Forumun yüksək səviyyədə keçdiyini xüsusi qeyd ediblər.

   Çıxışlarda 2015-ci ildə Bakıda keçiriləcək növbəti Foruma dair təkliflər də səslənib. Təkliflər özəl sektorun mədəniyyətlərarası dialoqa cəlb edilməsi, mədəniyyət və biznes dəhlizlərinin əlaqəsi, təhsil, mədəni müxtəlifliyi qlobal inkişaf ilə eyni araya gətirmək, gəncliyin iştirakı və digər məsələləri əhatə edib.

  

   * * *

   Qeyd edək ki, Bakıya 2015-ci ilədək əlvida deyən Forum iştirakçıları iyunun 1-də ölkəmizin bölgələrinə səfər ediblər. Qonaqlar Qəbələ, Şəki və Gəncənin tarixi-mədəni irsi, görməli yerləri, turizm imkanları ilə tanış olublar. Forumun bir qrup iştirakçısı Gəncədə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilən yubiley tədbirlərinə də qatılıblar. Qonaqların bir qrupu Bakı yaxınlığındakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə də baş çəkib.

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 11.